Ətraf sahələrdən yamacı, zirvəsi ilə kəskin fərqlənən, nisbi hündürlüyü 200 m-dən çox olan müsbət relyef forması.
Mənşəyinə görə tektonik, vulkanik və erozion D.-lar mövcuddur. Tektonik D.-lar özü də qırışıq, faylı və qırışıq-faylı D.-lara bölünür. D.-ların mənşəyini, geoloji yaşını, ekzogen amillərin təsiri altında baş verən forma dəyişikliyini nəzərə almaqla onları üç morfoloji tipə ayırırlar: mütləq hündürlüyü 1000 m-ə qədər olan və relyef formaları nisbətən hamarlanmış D.-lara alçaq D.-lar; mütləq hündürlüyü 2000 m-ə yetən, lakin qar xəttinə çatmayan, yastı zirvələri və az meyilli yamacları ilə səciyyələnən D.-lara orta D.-lar; qar xəttindən yuxarı qalxan, mütləq hündürlüyü 2000 m-dən yüksək olan, şiş zirvələri, dik yamacları və buzlaq relyef formaları ilə xarakterizə olunan D.-lara yüksək D.-lar deyilir.
Coğrafiya terminləri lüğəti