1. Ayaq üstə, şaquli vəziyyətdə hərəkətsiz dayanmaq; bədən hissələrindən biri üzərində dayanmaq. □ Güzgünün qabağında durmaq. Əlləri üstündə durmaq.
2. Ayaq üstə durmaqla bağlı olan bir işi, vəzifəni yerinə yetirmək, bir işlə məşğul olmaq. □ Dəzgah dalında durmaq. Növbədə durmaq. Qalmışam eşikdə mən; Bir qızıl beşikdə mən; Yar bağçaya gələndə; Duraram keşikdə mən. (Bayatı).
3. Ayağa qalxmaq, yerindən qalxmaq, oturduğu yerdən qalxmaq. □ ...oturduğu yerdən durub qapıya tərəf getdi. (Ə.Vəliyev).
4. Yuxudan ayılaraq yorğan-döşəkdən qalxmaq. □ Tezdən durmaq. Gec durmaq.
5. “Xəstəlikdən”, “yorğan-döşəkdən” sözləri ilə – sağalıb ayağa qalxmaq, sağalmaq, yaxşı olmaq. □ Xəstəlikdən təzəcə durmaq.
6. Yerləşmək, olmaq, dikəlmək. □ Küçənin sağ tərəfində gözəl bir bina durur.
7. Bir şey üzərində dayanmaq, bir şeyə istinad etmək, əsaslanmaq. □ Bina özül üzərində durur.
8. Əyninə oturmaq, bədəninə uyğun gəlmək. □ Paltar əynində yaxşı durur.
9. Dikinə qalxmaq, dik durmaq, dik vəziyyət almaq. □ Tükləri biz-biz durmaq.
10. Qalmaq, dayanmaq. □ Bir-iki saat burada duraq, sonra gedərik.
11. Qərar tapmaq, rahat qalmaq, sakit qalmaq. □ Bir dəqiqə bir yerdə dura bilmir.
12. Müqavimət göstərmək, möhkəm dayanmaq, səbat göstərmək, tab gətirmək, dözmək. □ Sən bərk dur. Düşmən qabağında durmaq.
13. Səbat etmək, sabitlik göstərmək, geri dönmək, israr edib dayanmaq. □ Sözünün üstündə durmaq.
14. Bir qərara gəlmək, bir nəticəyə gəlmək, bir neçə şeydən birisini qəbul edib, onun üstündə dayanmaq. □ Nəhayət, trest altımərtəbəli yaşayış evinin üstündə durmuşdu. (M.İbrahimov).
15. Qalmaq, davam etmək, yaşamaq, var olmaq, mövcud olmaq; yerində qalmaqda davam etmək. □ Onun babası hələ də durur.
16. Toxunulmamış qalmaq, işlənməmiş qalmaq, olduğu kimi qalmaq. □ Aldığım pulların hamısı durur.
17. Hərəkətsiz qalmaq, axıb getməmək. □ Su bir yerdə durarsa qoxuyar.
18. İnkişaf etməmək, artmamaq, irəliləməmək, bir yerdə qalmaq, durğunluq əmələ gəlmək. □ Elm bir nöqtədə dura bilməz.
19. İşləməmək, hərəkətsiz qalmaq, fəaliyyət göstərməmək, dayanmaq. □ Saat durmuşdur. Motor durdu.
20. Duracaqda, yaxud hər hansı bir yerdə dayanmaq, əylənmək. □ Qatar stansiyada üç dəqiqə durur.
21. Öz işini, məşğələsini və s.-ni dayandırmaq, arasını kəsmək. □ Kitabın 20-ci səhifəsində durdum.
22. Bitmək, kəsilmək, ara vermək, dayanmaq, sakit olmaq. □ Yağış durdu. Atışma durdu.
23. Çaşıb qalmaq, heyrət içində qalmaq, duruxmaq, duruxub qalmaq. □ Xəbəri eşidən kimi durdu.
24. Gözləmək, səbir etmək, toxtamaq, tələsməmək, dayanmaq. □ Bir az dur. Durmaq vaxtı deyil.
25. Diqqəti bir şeyin üzərində saxlamaq, dayandırmaq, onun haqqında müfəssəl danışmaq, bəhs etmək. □ Bu məsələnin üzərində çox durmaq lazımdır.
26. Yer tutmaq, mövqe tutmaq. □ Tərbiyə məsələsi birinci yerdə durur.
27. Müəyyən şərtlərlə bir işi, vəzifəni yerinə yetirməyi öhdəsinə götürmək, bir işə girmək. □ ...nökər durmaq istədi, uşaq olduğu üçün heç kəs ona beş manatdan artıq pul vermədi. (C.Cabbarlı).
28. Başa gəlmək, mal olmaq, tamam olmaq, oturmaq. □ Palto mənə 150 manata durdu.
29. Qalxmaq, çıxmaq, törəmək. □ Qəmzəsindən fitnələr durdu, oyandı uyqudan. (İ.Nəsimi).
30. Qalmaq. □ Qədir, sənin can naloqundan nə qədər durur? (Mir Cəlal).
31. Hərəkət etmək, davranmaq. □ Qoy bizə gülməsin nə dost, nə də yad; Ehtiyatlı danış, ehtiyatlı dur! (S.Vurğun).
32. Başlamaq, girişmək, təşəbbüs etmək. □ Durdu mənimlə mübahisəyə. Durdu ağaca çıxdı.
33. “Belə”, “bu yana”, “o yana” və s. sözlərlə – çəkilmək mənasında. □ ...Qapıdan belə dur, vallah, yoxsa bir oyun oynaram, tamam şəhər tökülər. (N.Vəzirov).
34. ...dursun, ...belə dursun, ...bir yana dursun şəklində – ...kənarda qalsın, ...bir tərəfdə qalsın, ...sərf-nəzər edərək, ...haqqında danışmayaraq. □ Tanımaq bir yana dursun, heç adını eşitməmişəm.
35. Durmamaq şəklində (inkar) – tökülmək, yerindən çıxmaq. □ Başında saçı durmur.
36. İkinci və üçüncü şəxslərdə durma(yın) şəklində (inkar) – tələs(in), tez ol(un), dayanma(yın), gecikmə(yin); hərəkətə gəl(in), sakit durma(yın); tez, təcili, yubanmadan. □ Durmayın, haqlayın vurulmuş ovu. (A.Şaiq). Mən ölüm, durma, gəl, səni gözləyirəm. (İ.Musabəyov).
37. Feili bağlamalara qoşularaq vəziyyətin davamlılığını bildirir. □ Xəstə sayıqlayır, hərəkət içində çırpınıb dururdu. (M.İbrahimov).
38. Feili bağlama şəklində bir sıra feillərin əvvəlində bir işə təşəbbüs etmək, başlamaq mənasını ifadə edir. □ Durub söyləmək. Durub qaçmaq. Durum baxım, görüm.
Həmçinin bax: