lat. factum – baş vermiş
1. Xəbərlərdə konkret faktla bu fakta aid qiymətləndirici mülahizələrin oxucu (tamaşaçı, dinləyici) tərəfindən asanlıqla fərqləndirilə biləcəyi tərzdə verilməsini tələb edən peşə prinsipi.
Prinsip auditoriyaya fakt barədə öz fikrini müstəqil surətdə formalaşdırmağa imkan vermək, medianın ictimai rəylə manipulyasiya cəhdlərinin qarşısını almaq məqsədi güdür. F.R.F. jurnalistikada etik kodekslərin mühüm tələblərindən biridir. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarında bu prinsip aşağıdakı formada əksini tapıb: «Yazıda şərhlər elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, faktdan ayıra bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın». Auditoriyanın etimadını yüksək qiymətləndirən KİV-in əksəriyyətində xəbərlərdə rəy bildirilməsinə, ümumiyyətlə, qadağa qoyulur, xəbər mətnlərinin linqvistik xüsusiyyətlərinə diqqət yetirilir, rəy bildirən materiallar isə qəzet köşəsində, analitik məqalələrdə, TV və radioda – xüsusi rubrika altında, yaxud ayrıca proqramlarda verilir.
2. Diffamasiyaya aid məhkəmə işlərində iddiaya səbəb olmuş materiallar araşdırılarkən faktlarla qiymətləndirici mülahizələr arasında ciddi fərq qoyulmasını tələb edən qayda.
Bu qayda ilk dəfə «Lingens Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarda (1986) formalaşdırılıb. Məhkəmə «fakt» və «qiymətləndirici mülahizə» anlayışları arasında ciddi sədd çəkib, müəyyənləşdirib ki, «faktın gerçəkliyini sübuta yetirmək olar, rəyin həqiqiliyini isə heç də həmişə sübut etmək olmur». Cavabdehdən qiymətləndirici mülahizəsinin gerçəkliyə uyğunluğunu sübuta yetirməyi tələb etmək yolverilməzdir və Avropa konvensiyasının 10-cu maddəsinin zəmanət verdiyi ifadə azadlığının pozulması deməkdir.
Jurnalistika terminləri lüğəti