firidun (əslində feridun) sözündəndir.
Azərbaycan dilində Firidun/Firudin kimi, türk dilində Feridun kimi yazılan, eyni cür də tələffüz edilən Firidun kişi adına digər türk xaqları arasında da rast gəlmək olar. Firidun fars dilindən Azərbaycan dilinə tərcümədə çox güclü, çox qüvvətli, göyün səkkizinci qatı, həmçinin tək, tayı-bərabəri olmayan deməkdir. Azərbaycan şəxs adları sistemində İran hökmdarlarının adlarından formalaşmış şəxs adları sırasındadır. Tarixdən məlum olduğu kimi, özünü II Zərdüşt adlandırmış Pişdadiyan sülaləsinin VII hökmdarının, Cəmşidin nəvəsinin adındandır. Lakin bəzi mənbələrdə Firidun şəxs adı ərəb dilində olan fürüuddin sözü ilə əlaqələndirilir və dilimizdə dinin budaqları, dinin şöbələri, İslam dinində ikinci dərəcəli göstərişlər mənalarını ifadə etdiyi barədə mülahizələrə də rast gəlinir. Qeyd etmək lazımdır ki, Firudin şəxs adının Furuuddin/Furuddin kimi tələffüzünə rast gəlinmir. Lakin bu fikirləri tam kənar etmək, yəqin ki, düzgün olmazdı. Adın təhrif olunmuş formaları Firudin, Firiddin, Firuddin, Firəddin də sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Firidun adına ilk dəfə Ə.Firdovsinin “Şahnamə” əsərində rast gəlinir. Firdovsi- nin bu qəhrəmanı da böyük məhəbbətlə, sevə-sevə təsvir etdiyi qəhrəman surətlər sırasındadır. Zəhmətkeş kütlənin rəğbətini qazanmış Firidun xalqı zalım və qəddarlığı ilə cana doyurmuş Zöhhakdan xilas edərək hakimiyyətə gəlir. Hər zaman xalqla bir yerdə olan Firidun surəti çox sevilmiş və bununla da Firidun adına məhəbbət yaranmışdı. Bütün bunlar Firidun adının Şərq məişətində geniş yayılmasına səbəb olmuşdu. Adın daşıyıcılarından XX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərmiş müəllim, jurnalist Firidun bəy Köçərli (1863-1920) ədəbiyyatşünaslıqda bədii proseslərə nüfuz edərək, əsərləri elmi-nəzəri təhlilə cəlb edən, müasirlik və aktuallıq baxımından araşdıran, doğma ədəbiyyatımızla yanaşı, digər xalqların da ədəbiyyatına dərindən bələd olan ədəbi tənqidçilərimizdən olmuşdur. Firidun bəy Köçərli böyük elmi-yaradıcılıq zəhmətinə qatlaşaraq ədəbiyyatımızın tarixini bir sistem halında tədqiq edib, “Azərbaycan ədəbiyyatı tarixi” şəklində meydana çıxarmış ilk görkəmli alimdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti