Reklam
Reklam

Tarix terminləri lüğəti

fronda

fr. fronde – hərfi mənası: sapand

1648–1653-cü illərdə Fransada C.Mazarini hökumətinin timsalında absolyutizmin güclənməsinə qarşı ictimai hərəkat.

Hərəkat iki mərhələyə bölünüb: “parlament F.-sı” (1648–1649) və “şahzadələr F.-sı”. Belə ki, ilkin dövrdə F.-nın əsas hərəkətverici qüvvəsi parlament və burjuaziya, sonra isə zadəgan əsilzadələr olub. Lakin hər iki halda Fransanın birinci naziri C.Mazarini hərəkatın öncüllərini müxtəlif üsullarla öz tərəfinə çəkməyə, son nəticədə onun yatırılmasına və ölkədə absolyutizmin möhkəmlənməsinə nail olub. Şəxsi maraqların hərəkatdakı böyük rolu, onun liderlərinin ölkənin xarici düşmənləri ilə əlaqə saxlaması və s. neqativ hallar F.-nın kütlələr tərəfindən birmənalı qarşılanmamasına əsas yaradıb. Təsadüfi deyil ki, narazılığını yalnız sözdə ifadə etməklə kifayətlənərək vəziyyəti dəyişmək üçün heç bir addım atmayan şəxsləri, ilk növbədə, prinsipsiz və şəxsi maraqlar güdən müxalifət nümayəndələrini müasir dövrdə F.-çı adlandırırlar.

Tarix terminləri lüğəti