Günəş sisteminin mərkəzində yerləşən, sarı cırtdan tipinə aid olan ulduz.
Bu sistemin bütün cisimləri, o cümlədən Yer həmin ulduzun ətrafında fırlanır. G. özü də saniyədə 220 km sürətlə Südyolu qalaktikasının qollarından birində hərəkət edir. G.-in yuxarı qatlarının kimyəvi tərkibi hidrogendən, heliumdan və az miqdarda digər elementlərdən ibarətdir, onun səthində temperatur 6000°C-yə qədərdir. G.-in enerji mənbəyi temperaturu 15 mln. °C-yə çatan nüvəsində hidrogenin heliuma çevrilməsi prosesidir. Onun təxminən 4,5-4,6 mlrd. il yaşı olduğu, hidrogen ehtiyatının hələ 5 mlrd. il də işıq saçmağa imkan verdiyi güman edilir. Yer kürəsində canlı həyatın mövcudluğu məhz G. enerjisi ilə bağlıdır. G. işığı və istiliyi Yer üzündə bütün proseslərin enerji mənbəyidir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti