ing. levellers – hərfi mənası: bərabərləşdiricilər
İngiltərə burjua inqilabı (XVII əsr) dövründə radikal siyasi qruplaşma.
Bu qrup İngiltərədə ənənəvi olaraq partiya adlanır. L. 1647-ci ilə qədər independentlərin sol qanadı kimi fəaliyyət göstəriblər, sonra onlardan ayrılıblar. L. monarxiyanın, lordlar palatasının və silki imtiyazların ləğvini tələb ediblər, İngiltərənin birpalatalı parlament respublikasına çevrilməsinə tərəfdar olublar. Onlar vətəndaşların qanun qarşısında bərabərliyi, məhkəmə və hüquq sahəsində köklü islahatların aparılması uğrunda mübarizə aparıblar. L. inhisarların ləğvi, vergi yükünün azaldılması, çəpərləmələr nəticəsində kəndlilərdən alınmış torpaqların geri qaytarılması və bu kimi tələblər irəli sürüblər. Lakin L. xüsusi mülkiyyətin və zadəgan torpaq sahibliyinin aradan qaldırılmasına qarşı çıxıblar, həmçinin şəhər və kənd yoxsullarının bərabərlik tələblərinin əleyhinə olublar. Bu zəmində onlarla diggerlər (“həqiqi” L.) arasında ciddi ixtilaflar yaranıb. 1649-cu ilin may və sentyabrında L.-in təşkil etdikləri əsgər qiyamları yatırıldıqdan sonra onların siyasi fəaliyyəti zəifləyib, XVII əsrin 50-ci illərində isə tamamilə dayandırılıb.
Tarix terminləri lüğəti