fr. franc-macon – azad bənna
XVIII əsrin əvvəllərində İngiltərədə yaranmış və sonralar digər ölkələrə yayılmış dini-etik hərəkat.
“Adamların qardaşlıq, məhəbbət, bərabərlik və qarşılıqlı yardım əsaslarında birləşməsini” öz məqsədi elan edən bu hərəkatda antiklerikalizm ideyaları ilə dini mistika ünsürləri qovuşur. M.-un “Nizamnamə kitabı”nda masona “nə axmaq ateist, nə də dinsiz azadfikirli olmaq”, mülki hakimiyyəti dəstəkləmək, siyasi hərəkatlara qoşulmamaq tövsiyə edilir. Allahı kainatın böyük memarı sayan M. təliminə xristianlıq, iudaizm və digər dinlərin ünsürləri daxildir. Masonlar bir-birini “qardaş” adlandırırlar və yerli təşkilatlarda (lojalarda) birləşirlər. Milli miqyasda lojaların məcmusundan qrossmeysterin rəhbərlik etdiyi Böyük loja yaranır. M.-un adı, təşkilat forması, iyerarxiyası (şagird, usta köməkçisi, usta, böyük usta), simvolik nişanları (pərgar, çəkic, şaqul, malakeş, önlük, əlcək) orta əsr inşaatçı-bənnalarının sex təşkilatlarından mənimsənilib. Özünü feodal dövlətçiliyi və rəsmi kilsəyə qarşı qoyan M. gizli ümumdünya təşkilatı yaratmağa can atıb. Onun sosial tərkibi rəngarəng olub və indi də belədir.
Tarix terminləri lüğəti