Bütün dünya müsəlmanlarının birliyi ideyasını təbliğ edən müxtəlif ideoloji-siyasi baxışlar sisteminin ümumiləşdirici adı.
XIX əsrin son rübündə, əksər müsəlman xalqlarının müstəmləkə asılılığında olduğu bir şəraitdə formalaşan P. mahiyyətcə müsəlman cəmiyyətinin modernləşdirilməsi ideyasının təzahürü kimi yaranıb. Lakin onun vahid ideologiyası formalaşmayıb və bu ad altında ən müxtəlif siyasi məqsədlərə can atan qüvvələr fəaliyyət göstərib. Bütün müsəlmanların vahid teokratik dövlətdə – xilafətdə birləşməsi ideyasının tərəfdarları P.-in mühafizəkar qanadını təşkil ediblər. Bununla belə, P.-də aparıcı rol (xüsusilə cərəyanın yarandığı ilkin mərhələdə) islahatçı qanada məxsus olub. Həmin qanadın ən görkəmli nümayəndəsi olan C.Əfqani (1839–1897) müsəlman cəmiyyətinin bütün sahələrində köklü islahatların aparılması, Qərbin elmi-texniki və mədəni nailiyyətlərindən müsəlmanların bəhrələnməsi kimi ideyaları təbliğ edib, Qərbdən geriliyin aradan qaldırılmasına çalışıb. C.Əfqani P.-in əsas məqsədini islam dünyasının oyanışında, onun ətalət və durğunluqdan xilas edilməsində görüb. Bu mənada P.-in başlıca hədəflərindən biri də müstəmləkəçiliyə qarşı mübarizə olub.
Tarix terminləri lüğəti