1. Qurulmuş bir şeyi uçurtmaq, dağıtmaq, yıxmaq. □ Hasarı sökmək. Köhnə evi söküb təzəsini tikdilər.
2. Qurulu bir şeyi hissələrinə ayırmaq. □ Maşını sökmək. Cihazı sökmək.
3. Tikişini açmaq. □ Döşəyini söküb paketi yunların arasına soxdu. (H.Nəzərli).
4. Xam torpağı işləmək, açmaq, qaldırmaq. □ ...Eşidirsən təpənin dalından gələn o gur səsi? Təzə aldığımız traktordur, güney talada xam torpağı sökür. (Ə.Məmmədxanlı).
5. İşıqlaşmaq, işıqlaşmağa başlamaq; işıqlandırmaq. □ Oyadır səhər-səhər; Quşlar məni yuxudan; Elə bil ki, mənimçin; Yenə sökür qızıl dan. (N.Xəzri).
6. Məcazi mənada: parçalamaq, dağıtmaq, məhv etmək (bu mənada bəzən “söküb-dağıtmaq” şəklində işlənir). □ Vərəm ciyərlərimi söküb-dağıtdıqca qüvvədən düşdüm. (Ə.Məmmədxanlı).
Həmçinin bax: