Rütubət çatışmazlığı (arid səhralar) və ya istilik çatışmazlığı (soyuq səhralar) ilə əlaqədar olaraq bitkilərin inkişafı üçün əlverişsiz şəraitə malik, havanın gündəlik və illik temperaturunun kəskin amplitudası ilə fərqlənən landşaft tipi.
S.-ların relyefində eol proseslərin yaratdığı formalar (barxanlar, barxan zəncirləri, qum tirələri, daş sütunlar və s.), quru çökəkliklər, quru dərələr və s. relyef formaları üstünlük təşkil edir. Litoloji tərkibinə görə onları qumlu, daşlı və gilli S.-lara ayırırlar, bəzən şoranlıq S. tipi də fərqləndirilir. S.-lar axarsız sahələrdir, buradakı çaylar tranzit çaylardır. Coğrafi yerləşməsinə görə tropik S.-lar və tropikdənkənar S.-lar olur. Tropik S.-lara tropik və subtropik qurşaqlarda, tropikdənkənar S.-lara isə mülayim qurşaqlarda, həmçinin Arktika və Antarktikada yerləşən S.-lar aid edilir. S.-ların Yer kürəsində tutduğu ərazi bütün quru sahəsinin 30%-dən çoxunu təşkil edir. Dünyanın ən quru S.-ları tropik qurşaqlarda materiklərin qərb sahillərində yerləşən S.-lardır (Atakama, Namib, Böyük Səhra, Viktoriya və d.).
Coğrafiya terminləri lüğəti