1. Hökmdarlıq rəmzi olaraq padşahların başlarına qoyduqları qızıl və cəvahiratla bəzənmiş papaq. □ ..Nifrət! Qan çanağı taclara nifrət; Var olsun azadlıq, bir də məhəbbət! (S.Vurğun).
2. Məcazi mənada: padşah hakimiyyəti. □ Tacdan əl çəkmək. İmperiya dağılır, taclar düşür.
3. Məcazi mənada: taca oxşayan, tacı xatırladan şey. □ Qaməti düz; İçi əyri; Kərpici daş; Başında tac; Səhər-axşam; Oxur bülbül. "Minarə" (Tapmaca).
4. Məcazi mənada: bəzi quşların başında daraq şəklində çələng.
5. Məcazi mənada: zinət üçün başa qoyulan çələng və s. □ ..Bunlardan tac hörüb sənin başına qoyacağam. (S.S.Axundov).
6. Məcazi mənada: son zirvə, ən yüksək zirvə; ən sevimli, ən qiymətli adam, şey haqqında. □ Ər arvadın tacıdır. (Atalar sözü).
7. Astronomiya. Günəşin, Ayın və ya parlaq ulduzların ətrafında görünən parlaq işıq dairəsi; halə. □ Tam Günəş tutulma zamanı xromosferin parlaq gümüşü rəngli geniş təbəqə ilə əhatə olunduğunu görürük. Buna Günəş tacı deyilir. (R.Hüseynov).
8. Botanika. Gülün, ayrı və ya bitişik ləçəklərdən ibarət hissəsi; taccıq.