Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

varlıq [varrıx] isim

1. Olma, var olma, mövcud olma; mövcudiyyət (yoxluq ziddi). □ Məhəbbət özü də canlı həyatdır; Onun varlığını yaşayan duyur. (S.Vurğun).

2. Fəlsəfə. Şüurdan asılı olmayaraq mövcud olan hər şey – maddə, maddi aləm, təbiət.

3. Məcazi mənada: həqiqətdə mövcud olan şeylər, təbiət, aləm, dünya, kainat, bütün mövcudat. □ Varlığa güldükcə o nazlı bahar; Çiçəklər, qönçələr açır hər dilək. (S.Vurğun).

4. Məcazi mənada: real aləm, real həyat, ictimai mühit. □ ...xəyalata uyan, idealların gözəlliyi ilə yaşayan, varlığa tül pərdələr dalından baxan yazıçılardan deyildi. (M.İbrahimov).

5. Məcazi mənada: həyat, həyat mənbəyi. □ Bu torpaqdır varlığımın mayası; Bu torpaqda alın təri tökmüşəm. (S.Rüstəm).

6. Məcazi mənada: qüvvət, güc, səy, cəhd mənasında. □ O, bütün varlığını yenidən dərslərə və işə vermişdi.

7. Bolluq, rifah. □ Varlığa nə darlıq. (Atalar sözü).

8. Vücud, bədən mənasında. □ Təliənin bütün varlığı titrədi və qız qorxdu. (M.S.Ordubadi).

Həmçinin bax:

frazeologizm: varlığa nə darlıq Azərbaycan dilinin izahlı lüğəti