ərəb. zeynab sözündən olub, gözəl görünüşlü, ətirli yarpaqları olan ağacın adındandır. Sözün yumru yanaqları olan, kök, dolu (qadın) kimi məcazi mənaları da məlumdur.
Zeynəb qadın adı Ərəbistan, Türkiyə, İran, Əfqanıstan kimi xeyli sayda əhalisi olan ölkələrdə də geniş yayılmışdır. Məlum olduğu kimi, Zeynəb Məhəmməd Peyğəmbərin qızı Fatimənin övladının, əziz nəvəsinin adı olmuşdur. Bu günə qədər Zeynəb adının müsəlman ölkələrində geniş yayılmasının da əsas səbəbi budur. Adın daşıyıcılarından biri də XIX əsrdə ictimai fəaliyyəti ilə məşhur Zeynəb xanımdır. Tarixdən məlumdur ki, XIX əsrdə Təbrizdə xalq üsyanına başçılıq etmiş, cəsarətinə, qəhrəmanlığına, mətanətinə görə xalqın Zeynəb paşa adlandırdığı xanımın şəninə bir çox xalq mahnıları yaranmışdır. Bu da həmin dövrlərdən adın geniş yayılmasında əsas amillərdən biri olmuşdur. Azərbaycanda adın daşıyıcıları arasında XX əsrin 60-cı illərindən etibarən Azərbaycanın musiqi sənətində həddən artıq sevilən, öz sözünü demiş müğənnilərdən biri, musiqi sənətimizi dünyada yüksək səviyyədə təbliğ edən Xalq Artisti Zeynəb Xanlarova (1936). Dünyanın bir sıra ölkələrinin milyonlarla tamaşaçısı zəngin tembri, qeyri-adi geniş diapazonlu ifa tərzi olan Zeynəb Xanlarovanın sənətini alqışlamışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti