Reklam
Reklam

Məsəllər, deyimlər

PLATONİK SEVGİ

►Heç bir cismani istək olmadan, yüksək mənəvi və ruhi keyfiyyətlərə görə qarşılıqlı sevgi haqqında işlədilən ifadə.

İfadə böyük yunan filosofu Platonun adı ilə bağlı yaranmışdır.

Platon çox sevdiyi müəllimi Sokratın fikir və baxışları əks olunan bir sıra kitabın müəllifidir. Bunların bir çoxu Sokratın kiminləsə dialoqu şəklində yazılıb. Ancaq belə dialoqların birində (ən məşhurunda), e.ə. 416-cı ildə şair Aqafonun evində həqiqətən də baş vermiş söhbət təsvir edilir.

Bu dialoq «simpozium» (və ya yunanca «ziyafət») adlanır. Başqa sözlə, yığılan qonaqlar şərab içir və sərbəst şəraitdə dostcasına söhbət edirlər. Aqafonun evindəki ziyafət zamanı qonaqlardan biri «sevginin təbiəti» mövzusuna toxunur. Qızğın diskussiya başlayır və məlum olur ki, sevginin mənası, mahiyyəti, insan həyatındakı yeri haqqında toplaşanların hər birinin fərqli təsəvvürü var.

Sokrat hesab edirdi ki, sevgi insanın xeyirxahlıq, gözəllik axtararaq ona çatmaq istəyəndə keçirdiyi hissdir. Bunu da zahirən gözəl olan kişi və qadında tapmaq mümkündür. Belə cismani məhəbbəti insanlar «sevgi» kimi başa düşür və onunla kifayətlənirdilər. Ancaq vaxt keçdikcə cismani gözəllik əriyib gedir.

Sokratın və onunla həmfikir olan Platonun düşüncəsinə görə, gözəlliyin ali və dəyişməz forması ruhun və niyyətin gözəlliyidir. İdeal isə zahiri və daxili gözəlliyin vəhdəti ola bilər. Buna görə də sevginin ən ali forması ilahi mərhəmətlə birləşməyə can atmaq sayılır.

Məsəllər, deyimlər