"Azleks" lüğətləri haqqında

“AZLEKS” layihəsi 2013-cü ildə “Altun kitab” nəşrlər evində işlənib hazırlanmışdır. Layihə izahlı və ikidilli lüğətlərin çap və elektron variantlarının hazırlanmasını nəzərdə tutur. Layihə çərçivəsində işlər üç istiqamətdə aparılır:

  • Terminoloji lüğətlər
  • İzahlı lüğətlər
  • İkidilli lüğətlər

Hər bir istiqamət üzrə lüğətlərin tam versiyası ilə yanaşı, məktəbli versiyalarının da hazırlanması nəzərdə tutulur. Lüğətlər üzərində peşəkar leksikoqraflarla yanaşı, müxtəlif elm sahələri üzrə mütəxəssislər çalışırlar. 

Azleks qrupu

Rafiq İsmayılov
Filologiya üzrə fəlsəfə doktoru, AZLEKS layihəsinin rəhbəri
1960-cı ildə Bakıda anadan olub. Orta təhsilini 70 nömrəli məktəbdə alıb. 1982-ci ildə M.V.Lomonosov adına MDU-nu bitirib.
1982-1984-cü illərdə M.F.Axundov adına APİ-də (indiki Slavyan Universiteti) prof. M.Tağıyevin rəhbərliyi ilə lüğət sektorunda çalışıb. Daha sonra AMEA-nın Nizami adına Ədəbiyyat institutunda aspirant, elmi işçi, elmi katib olub. 1991-ci ildən naşirlik fəaliyyəti ilə məşğuldur. 2004-cü ildə “Altun kitab” nəşriyyatını yaradıb və hazırda bu quruma rəhbərlik edir. Orta məktəblər üçün bir sıra “Azərbaycan dili” dərsliklərinin və dərs vəsaitlərinin müəllifidir. Prof. Qulu Məhərrəmli ilə birlikdə “Məktəblilər üçün alınma sözlər lüğəti” və “Frazeologiya lüğəti”ni tərtib etmişdir.
Qulu Məhərrəmli
Filologiya üzrə elmlər doktoru, "Azleks" lüğətlər toplusunun baş redaktoru
1954-cü ildə Zəngilanda doğulub, orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib.
2007-ci ilə kimi AzTV-nin müxtəlif qurumlarında reportyor, redaktor, şöbə müdiri, siyasi icmalçı, baş redaktor və departament direktoru vəzifələrində çalışıb. Bir sıra populyar verilişlərin aparıcısı olub. Ssenariləri əsasında 20-yə yaxın sənədli film çəkilib. 30-a yaxın kitabın, dərslik və dərs vəsaitlərinin, o cümlədən “Kütləvi kommunikasiya və dil”, “Televiziya nitqi və ədəbi tələffüz”, “Ekran və ana dili”, “Audiovizual nitq”, “Televiziya dili”, monoqrafiyalarının, “Televiziya, kino, radio terminləri”, “Mediada işlənən alınma sözlər” izahlı lüğətlərinin müəllifidir. 2014-2016-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik institutunun şöbə müdiri olub. Hazırda BDU-nun “Televiziya və radio jurnalistikası” kafedrasının professorudur. "Azleks" layihəsi çərçivəsində "Məktəblinin alınma sözlər lüğəti", "Azərbaycan dilinin frazeologiya lüğəti", "Jurnalistika terminləri lüğəti" və digər lüğətlərin tərtibində iştirak etmişdir.
Şəhla Əhmədova
Bakı Slavyan Universiteti Müasir Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru
4 cildlik "Azərbaycanca-rusca lüğət"in tərtibçilərindən biridir. Ali məktəblər üçün "Azərbaycan dili" dərsliyinin, "Məktəblinin ədəbiyyat lüğəti "nin həmmüəlliflidir. 50-dən artıq elmi işin müəllifidir. Rusiyada, Türkiyədə, həmçinin Madrid, Roma, Buxarest şəhərlərində keçirilən elmi konfranslarda leksikoqrafiya üzrə məruzələrlə çıxış etmişdir. “Azleks”ə daxil olan “Məktəblilər üçün dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti”nin redaktoru, “Azərbaycan dastanlarının leksikası” lüğətinin müəllifidir.
Arif Əliyev
"Yeni Nəsil" Jurnalistlər birliyinin sədri
1960-cı ildə Qazaxda anadan olub. Orta təhsilini Bakıda 82 nömrəli məktəbdə alıb. 1983-cü ildə M.V.Lomonosov adına MDU-nun jurnalistika fakultəsini bitirib.
1983-1986-cı illərdə Azərinformda, 1986-1988-ci illərdə «Molodyoj Azerbaydjana» qəzetlərində çalışıb. 1989-1994-cü illərdə «Xazar» jurnalının, «Turan» məlumat-nəşriyyat müəssisəsinin, «Svoboda» qəzetinin, prezidentin mətbuat xidmətinin işinə rəhbərlik edib, ali məktəblərdə «Jurnalist etikası»ndan dərs deyib. 1995-ci ildən «Yeni Nəsil» Jurnalistlər Birliynin sədri, 1998-ci ildən Bakı Mətbuat Klubunun baş direktorudur. Jurnalistikaya dair 9 kitabın («Jurnalist etikası», «Mediada debatlar», «Etnik münaqişələri işıqlandıran jurnalistlər üçün qlossari» və s.) tərtibçisi, müəllifi və həmmüəllifi, bir neçə irihəcmli bədii və elmi əsərin, terminoloji lüğətin tərcüməçisi və redaktorudur.
Elçin Şıxlı
Azərbaycan Jurnalistlər Birliyinin sədri
1957-ci ildə Bakıda anadan olub. Xarici Dillər İnstitutunda ingilis və alman dilləri üzrə təhsil alıb.
80-ci illərdə bir sıra hərbi və dövlət qurumlarında tərcüməçi, referent, ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan Azərbaycanda nəşrə başlamış ilk müstəqil qəzetlərdən biri olan «Ayna»-«Zerkalo» qəzetlərinin qurucularından biri, “Ayna Mətbu Evi” şirkətinin həmtəsisçisi və prezidenti olub. 2001-ci ildən «Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktorudur. İngilis, rus və türk dillərindən tərcümələr edir. Oskar Uayldın “Sehrli nağıllar” və Əziz Nesinin “Futbol kralı” əsərləri onun tərcüməsində kitab kimi işıq üzü görüb. Azərbaycan Yazıçılar İttifaqının üzvü, “Zərdabi” və “Ali Media Mükafatı” laureatı, Azərbaycanın əməkdar jurnalistidir. “Azleks” layihəsi çərçivəsində “İngiliscə-Azərbaycanca lüğət” və “Jurnalistika terminləri lüğəti”nin tərtibçilərindəndir.
Elxan Nəcəfov
Hədəf Tədris Mərkəzinin Azərbaycan dili fənn rəhbəri
1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunda anadan olub. Orta məktəbi Babək rayon Nehrəm kəndində bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində bakalavr, Gəncə Dövlət Universitetində isə magistr təhsili alıb.
2007-2009-cu illərdə “Qafqaz” gimnaziyasında Azərbaycan dili və ədəbiyyatı fənlərindən dərs deyib. 2008-ci ildən Hədəf Tədris Mərkəzində çalışır. 2009-2014-cü illərdə Hədəf Tədris Mərkəzinin Xırdalan filialının müdiri, 2014-cü ildən isə təhsil-tədris işləri üzrə direktor və Azərbaycan dili fənn rəhbəri vəzifələrini icra edir. Abituriyentlər üçün “Azərbaycan dili” dərs vəsaitinin, “Ədəbiyyat”, “Azərbaycan dili” testlər toplusunun, “Vurğu lüğəti”nin həmmüəllifi, “Ədəbiyyat nəzəriyyəsi” kitabının müəllifi, 8-ci və 9-cu siniflər üçün “Azərbaycan dili” dərsliklərinin redaktorudur.
Aydın Balayev
Tarix üzrə elmlər doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun baş elmi işçisi
1956-cı ildə Bakıda anadan olub. Orta təhsilini 31 nömrəli məktəbdə alıb. 1980-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.
1982-1983-cü illərdə Azərbaycan EA Arxeologiya və Etnoqrafiya Sektorunda çalışıb, 1983-1985-ci illərdə M.V.Lomonosov adına MDU-nun etnoqrafiya kafedrasında elmi ezmiyyətdə olub. 1985-1988-ci illərdə SSRİ EA Etnoqrafiya İnstitutunun aspiranturasında təhsil alıb. 1988-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun etnososioloji tədqiqatlar şöbəsində çalışır.
10-dar artıq kitabın, o cümlədən «Азербайджанское национальное движение в 1917-1918 гг.», «Этноязыковые процессы в Азербайджане в XIX-XX вв.», «Мартовские события 1918 года в Азербайджане», «Азербайджанские тюрки: процессы формирования нации и национальной идентичности на рубеже XIX-XX вв.», «Мамед Эмин Расулзаде (1884-1955). Политический портрет», «Tarix terminləri lüğəti”nin müəllifidir.
Natiq Adilov
Filologiya üzrə fəlsəfə doktoru, BMU Tərcümə kafedrasının müdiri
Adilov Natiq Heybət oğlu 1981-ci il oktyabrın 29-da Xaçmaz rayonunun Qobuqıraq kəndində anadan olub. Orta təhsili Xaçmaz və Quba rayonlarında alıb. Azərbaycan Dillər Universitetini bitirib.
2005-2010-ci illərdə özəl liseylərdə, 2010-2017-ci illərdə Qafqaz Universitetində işləyib. Hazırda Bakı Mühəndislik Universitetində Tərcümə Kafedrasının müdiri vəzifəsində işləyir. 2017-ci ilin aprelində "İngilis-amerikan ədəbiyyatında hun mövzusu" adlı dissertasiya işini müdafiə etmişdir. BƏƏ, Oman Sultanlığı, Səudiyyə Ərəbistanı, Qazaxıstanda keçirilən tədbirlərdə tərcüməçi olaraq iştirak edib. Müxtəlif mövzularda 7 kitab tərcümə edib.